Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində Sumqayıt şəhərində tədbir keçirilib.

Tədbir iştirakçıları öncə müstəqil Azərbaycan dövlətinin memarı ümummilli lider Heydər Əliyevin Sumqayıtda ucaldılan abidəsi önünə gül dəstələri düzüblər. Sumqayıt Apelyasiya Məhkəməsinin yurisdiksiyasında olan məhkəmələrin hakimləri və aparat işçiləri, Sumqayıt və Xaçmaz regional ədliyyə idarələrinin və onların yurisdiksiyasında olan yerli ədliyyə orqanlarının işçiləri, həmçinin veteran ədliyyə işçiləri, Sumqayıt şəhərində fəaliyyət göstərən hüquq mühafizə və yerli icra orqanlarının rəhbərlərinin qatıldığı tədbirdə  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, Azərbaycan ədliyyəsinin tarixindən və bu günündən bəhs edən foto və video materiallar nümayiş etdirilib.

Toplantıda çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından, Sumqayıt şəhərində aparılan abadlıq və quruculuq işlərindən danışıb. 

Tədbirdə səmərəli fəaliyyətinə görə Sumqayıt şəhərində fəaliyyət göstərən bir qrup ədliyyə işçisinə  və veteranlara fəxri fərmanlar və hədiyyələr təqdim edilib. 

Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırdı. Bildirdi ki, hər il noyabr ayının 22-nin milli dövlətçiliyimizin inkişafında müstəsna rolu olan ədliyyə orqanları işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Zəngin ənənələrə və 100 illik tarixi keçmişə malik Azərbaycan ədliyyəsi məhz Ulu Öndərin rəhbərliyi ilə yenidən formalaşıb və köklü məhkəmə-hüquq islahatlarına başlanılıb. Hazırda həmin islahatlar uğurla davam etdirilir.

Səadət Bəktaşi hazırda yaranmasının 100 illiyi qeyd edilən ədliyyənin Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində məhkəmə-hüquq islahatları prosesinin keyfiyyətcə və mahiyyətcə yeni səviyyəyə qalxdığını, ədliyyə və məhkəmə infrastrukturunun əhəmiyyətli dərəcədə yeniləşdiyini, o cümlədən ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş məhkəmə binalarının inşa edildiyini, əhaliyə göstərilən hüquqi xidmətin keyfiyyətinin və ədalət mühakiməsinin səmərəliliyinin xeyli yüksəldiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi Əfqan Ələkbərov, Sumqayıt şəhər prokuroru Sərdar İmanov, Sumqayıt şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov, ədliyyə veteranları İkram Kərimov, Müzəffər Ağazadə çıxışlarında ədliyyənin tarixindən, ölkəmizdə aparılan uğurlu hüquq islahatlarından söhbət açıb, ədliyyə orqanlarının qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquqlarının etibarlı təmin olunması işində öz vəzifələrini layiqincə yerinə yetirdiklərini vurğulayıblar.

Tədbirdə Sumqayıt Regional Ədliyyə İdarəsinin əməkdaşı Rüfanə Ömərova “Azərbaycan ədliyyəsinin keçdiyi tarixi yollar” və Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin sədri İslam Əliyev “İxtisaslaşdırılmış məhkəmələrin yaranması və aparılan islahatlar” mövzularında çıxış etdilər.

Sonda tanınmış incəsənət ustalarının ifasında konsert proqramı nümayiş olunub.